Qoca aşiqin ölümü
Qar yağıb bircə-bircə
Göylərdən səpələnib.
Qar yağıb dünən gecə
Hər yanda təpələnib.
Soyuqdur. Qışdır artıq.
Beləcə açdı səhər.
Baxırlar yazıq-yazıq
Uzaqdan boz sərçələr.
Məzarlıq qapısından
İçəri keçib qoca.
Qəbirlər arasından
İrəli gedib qoca.
Bir qəbrə gəlib yaxın
Başladı hey öpməyə.
Başladı xısın-xısın
Uşaqtək hönkürməyə.
Qocanın qəm-qüssəsi
Çevrilib yaşa döndü.
Göz yaşı - nəm qüssəsi
Üzündə daşa döndü.