Bayatılar
Əzizim, ala gözlər,
Bircə cüt ala gözlər.
Qorxuram baxışlarla
Canımı ala gözlər.
Əzizim, dağlar qalıb,
Sinəsi dağlar qalıb.
Laçında ürəyimiz,
Şuşada dağlar qalıb.
Əzizim, gözəl yara,
Vurğunam gözəl yara.
Bu sevən qəlbimə sən
Vurma, ey gözəl, yara.
Əzizim, gözlər qalıb,
Üz solub, gözlər qalıb.
Evlərdə neçə uşaq
Atasın gözlər qalıb.
Əzizinəm, aranı,
Gəzdim dağı, aranı.
Heç baxmırsan üzümə,
De, kim qatdı aranı?