SƏNİN GÖZLƏRİNƏ BAXA BİLMƏRƏM.
Sənin gözlərindən günahım axır.
Mən bu cazibədən çıxa bilmərəm,
Ürək sındırmışam-bir ürək axı...
Sənli xatirələr üzülər qəmdə,
Yanına gəlməyə üzüm də olmaz.
Görəndə sarsilib üzülərəm də,
Bir kəlmə kəsməyə sözüm də olmaz.
Bağışla demərəm, sarsılsam belə,
Sən ki büdrəmisən, yıxılan mənəm.
Bilirəm-qəlbində yerim var hələ,
Çox da ki dilində yox olan mənəm.
Günahım böyükdür, buna sözüm yox,
Bu səhvi çiynimdə daşıyıram da.
Daha bu kədərə məndə dözüm yox,
Görən elə bilir- "yaşıyır"am da...