"Gülüm!"
İndi yatmaq vaxtı deyil,
Nə yatmısan? Oyan, gülüm!
Gözlərinin yaşını sil,
Öz rənginə boyan, gülüm!
Tanımadan sol-sağını,
Dost bildilər çox yağını.
Yaramızın qaysağını
Olacaqmı soyan, gülüm?!
Səslər gəlir qazamatdan:
“Vicdan üstün varidatdan!”
Yerdən, göydən, kainatdan,
Görən, varmı doyan, gülüm?!
Çöküb duman, sis günlərə,
Ucuzlaşan, mis günlərə.
Bizi bu cür pis günlərə,
De, kimlərdir qoyan, gülüm?!